"Mançester Yunayted"in texniki direktoru Ceyson Uilkoks Maykl Kerriki işdən çıxarmaq qərarına gələcəyi təqdirdə Eddi Hounu baş məşqçi təyin etməyə meyllidir. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
Kerrikin bazar günü Premyer Liqanın 8-ci turu çərçivəsində "Bornmut"a qarşı keçiriləcək oyunda texniki zonada olacağı gözlənilir. Lakin klub rəhbərliyi onun paltardəyişmə otağında nüfuzunu itirməsindən narahatdır.
Hazırda Yulian Naqelsmann "qırmızı şeytanlar"ın "sükanı arxasına" keçməyə əsas namizəddir. Onu klubda işə qəbul üzrə rəhbər postunu tuan Kristofer Vivell dəstəkləyir.
Bununla belə, mənbə Uilkokun fikirlərinin Ser Cim Retkliff və Qleyzer ailəsi üçün daha çox əhəmiyyət kəsb edəcəyini bildirir. Uilkoks Premyer Liqa təcrübəsinə istinad edərək Hounu dəstəkləyir.
Adı çəkilən digər adlar arasında "Aston Villa"nın baş məşqçisi Unai Emeri də var.
Uilkoks tərəfindən də yüksək qiymətləndirilən "Brayton"un çalışdırıcısı Fabian Hürzeler hazırda "Mançester Yunayted"ə keçməkdə maraqlı deyil. Antonio Konte bu vəzifəyə namizədliyini irəli sürüb, lakin italyan mütəxəssisin dəyişkən xasiyyətinə görə onun təyinatı ehtimal olunmur.
Hou ötən yay qarşılıqlı razılıq əsasında "Nyukasl"dan ayrılıb. Onun rəhbərliyi altında "sağsağanlar" 2025-ci il dəLiqa Kubokunu qazanıb. Bu, klubun 70 ildən sonra ilk böyük kuboku olub. O, "Nyukasl"ı həmçinin iki dəfə - 2023-cü ildə və 2024/25 mövsümünün sonunda Çempionlar Liqasına çıxarıb.