UEFA və Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyası (CONCACAF), FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının hüquqlarının bir hissəsini satmaq təklifindən sonra birgə Millətlər Liqası yaratmağı düşünürlər. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat verib.
UEFA və CONCACAF-a üzv olan komandalarının hamısının turnirdə iştirak etməsi gözlənilir. Yenilənmiş Millətlər Liqasının ilk mövsümü 2028-ci ilin əvvəlində başlaya, qrup mərhələsi payızda, pley-off martda və final mərhələsi iyunda keçirilə bilər. Turnirin hər iki ildən bir keçirilməsi planlaşdırılır və strukturu hazırkı ilə oxşar olacaq: komandalar liqalara bölünəcək. Məsələn, A Liqasına Avropanı təmsil edən İspaniya, İngiltərə, Fransa və Almaniya, Şimali Amerikanı isə ABŞ, Meksika və Kanada daxil ola bilər.
Qeyd edək ki, hazırda hər iki konfederasiyada Millətlər Liqasının oyunları eyni dövrlərdə keçirilir ki, bu da yeni turnirin yaradılmasına kömək edə bilər. Lakin təşkilat daxilindəki ümumi vəziyyəti nəzərə alsaq, FİFA-nın turniri təsdiqləyib-təsdiqləməyəcəyi hələ də məlum deyil.