"Qarabağ"ı təbrik edirəm. Heyətdə ciddi itkilər olmasına baxmayaraq, komanda xüsusilə müdafiə xəttində inamlı və intizamlı oyun nümayiş etdirdi. Ümumilikdə, futbolçular meydanda komanda şəklində yaxşı mübarizə apardılar, bir-birlərinə kömək etdilər və oyunun müəyyən məqamlarında rəqibin təzyiqini düzgün şəkildə dəf etməyi bacardılar". Bu sözləri Sport24.az-a açıqlamasında Ağdam təmsilçinin sabiq forvardı Rauf Əliyev bildirib.

Veteran futbolçu "Qarabağ"ın Niderlandda "Tvente"yə 1:0 hesabı ilə qalib gəldiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Bunun nəticəsində də səfərdə çox vacib qələbə qazandılar. Rəqib "Tvente" kifayət qədər güclü komandadır. Xüsusilə öz meydanında təzyiq göstərməyi və oyunun tempini artırmağı bacarır. Buna baxmayaraq, "Qarabağ" belə bir rəqibə qarşı xarakter ortaya qoydu. Səfərdə minimal hesabla qazanılan qələbə, ilk baxışdan kiçik üstünlük kimi görünsə də, iki oyunun nəticəsinə görə mərhələni keçmək baxımından çox ciddi əhəmiyyət daşıyır. Fikrimcə, şans "Qarabağ"ın tərəfindədir. Bundan əlavə, zədəli futbolçulardan bəzilərinin heyətə qayıtması da "Qarabağ"ın imkanlarını daha da genişləndirə bilər. Əlbəttə, bu, hələ cütün taleyinin həll olunduğu anlamına gəlmir. "Tvente" kimi rəqibə qarşı 90 dəqiqə ərzində maksimum diqqətli olmaq lazımdır.

 

Əliyev Niderland təmsilçisinin Bakıda riskə gedəcəyini də vurğulamağı unutmayıb:

 

"Digər tərəfdən, ilk oyunun "Qarabağ" üçün faydalı tərəflərindən biri də rəqibi daha yaxından tanımaq oldu. Futbolçular artıq "Tvente"nin hansı xüsusiyyətlərə malik olduğunu, hansı zonalarda təhlükə yaratdığını və təzyiq zamanı necə davrandığını daha yaxşı bilirlər. Bu məlumatlar cavab qarşılaşmasında çox işə yaraya bilər. Məncə, cavab oyunu ilk matçdan müəyyən qədər fərqlənəcək. "Qarabağ" doğma meydanda oynayacağı üçün daha cəsarətli futbol nümayiş etdirə, topa daha çox nəzarət edə və oyunun təşəbbüsünü öz üzərinə götürə bilər. Rəqib isə hesabı nəzərə alaraq daha riskli oynamağa məcbur olacaq. Bu da "Qarabağ" üçün keçidlərdə və hücumlarda əlavə imkanlar yarada bilər".

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.