"Yeni mövsümə hazırlıqlarımıza ötən ayın 17-dən etibarən start vermişik. Hazırlıq prosesini planlı şəkildə davam etdiririk. Heyətin gücləndirilməsi istiqamətində də müəyyən işlər görmüşük və komandamıza yeni futbolçular cəlb etmişik". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın baş məşqçisi Ramiz Məmmədov deyib.
Təcrübəli mütəxəssis komandanın transfer çalışmaları və hazırlıq prosesi barədə danışıb. O, heyətə daha 1-2 futbolçunun cəlb olunmasının planlaşdırıldığını bildirib:
"Hazırda transfer çalışmalarımız davam edir. Düşünürəm ki, daha 1-2 transfer etdikdən sonra bu məsələni də tam şəkildə yekunlaşdıracağıq. Hazırlıq çərçivəsində artıq 4-5 yoxlama görüşü keçirmişik. Bu oyunlar bizim üçün həm yeni futbolçuların komandaya uyğunlaşması, həm də ümumi hazırlıq səviyyəmizi yoxlamaq baxımından faydalı olub. Qarşılaşmaların ikisində Premyer Liqa klubları olan "Kəpəz" və "İmişli" ilə üz-üzə gəlmişik. Digər yoxlama oyunlarında isə Birinci Liqa təmsilçiləri ilə qarşılaşmışıq. Bu görüşlərdə əsas məqsəd nəticədən daha çox komandanın taktiki və fiziki hazırlığını artırmaq, yeni oyunçuları sınaqdan keçirmək və məşq prosesində üzərində çalışdığımız məqamları oyunlara tətbiq etmək olub. Hazırkı mərhələdə komandamızın hazırlığından 70-80 faiz razıyıq. Təbii ki, qarşıda görüləsi işlər var. Rəsmi oyunlara qədər həm fiziki, həm taktiki, həm də psixoloji baxımdan daha yaxşı vəziyyətə gəlməliyik. Bunun üçün qarşıdakı günlərdə də məşqlərimizi intensiv şəkildə davam etdirəcəyik. İnşallah, yaxın müddətdə transfer çalışmalarını və təlim-məşq toplanışını başa çatdıraraq bütün diqqətimizi rəsmi oyunlara yönəldəcəyik. İnanıram ki, hazırlıq prosesini uğurlu şəkildə yekunlaşdırıb mövsümə yaxşı vəziyyətdə başlayacağıq".
Mövsümlərarası fasilədə Yevlax təmsilçisinin "sükanı arxasına" keçən Məmmədov komandanın qarşısına qoyulan hədəfdən də söz açıb:
"Yeni mövsüm üçün qarşımıza qoyduğumuz əsas məqsəd Premyer Liqaya qayıtmaqdır. Bunun asan olmayacağını bilirik. Qarşıda bizi kifayət qədər ciddi və rəqabətli mövsüm gözləyir. Buna görə də hər oyuna maksimum məsuliyyətlə yanaşmalı, bütün gücümüzü meydanda ortaya qoymalıyıq. Komanda olaraq əsas hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Karvan-Yevlax" ötən mövsüm Misli Premyer Liqasında sonuncu pilləni tutaraq, Birinci Liqaya yuvarlanıb.