"Mançester Siti"nin keçmiş baş məşqçisi Xosep Qvardiola 10 illik karyerasından sonra nə etməyi planlaşdırdığını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "The Mirror" qəzetinə açıqlama verib:

 

"Düzünü desəm, nə edəcəyimi belə bilmirəm. Geri qayıtmaq çətin olacaq, hazırda özümü belə hiss edirəm.

Şəxsi həyatımda baş verənlərin çoxunu yenidən düşünməliyəm. Peşəkar həyatıma gəldikdə isə, özümü başqa bir şeydə tapmalıyam. Sadəcə arxayın oturub zamanın keçdiyini izləmək istəyirəm. 

Kataloniyada "badar" adlı bir söz var - bu, sadəcə oturub istirahət etmək deməkdir. Deməli, mən də məhz bunu edəcəyəm. Etmək istədiyim əsas şeylərdən biri budur. Bir də səhər saat 10-a qədər yatmaq və kafeyə getmək. Bilmirəm, sadəcə istədiyimi etmək".

 

Qeyd edək ki, Xosep Qvardiola ötən mövsümün sonunda "Mançester Siti"nin baş məşqçisi postundan ayrılıb. İspaniyalı mütəxəssis hazırda işsizdir. Mövsümlərarası fasilədə onun adı Səudiyyə Ərəbistanı klubları və İtaliya millisi ilə yanaşı hallasa da, Pep heç bir təklifi qəbul etməyib.