İranın "Traktor" klubu Yaxın Şərq müharibəsi fonunda Səudiyyə Ərəbistanına gəlib və aprelin 14-də AFC Çempionlar Liqasının 1/8 final mərhələsində "Şabab" (Əl-Əhli) ilə oynayacağını təsdiqləyib. Sport24.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
"Traktor" oyunun keçiriləcəyi Ciddə şəhərinə çatmaq üçün uzun yol qət edib. Komanda əvvəlcə quru yolla Təbrizdən Türkiyəyə gedib. Daha sonra isə İstanbuldan təyyarə ilə Səudiyyə Ərəbistanına uçub və aprelin 12-də təyinat nöqtəsinə çatıb.
"Vəziyyətimiz hamıya məlumdur. "Şabab"a qarşı 90 dəqiqə bizim üçün çətin olacaq", - deyə "Traktor"un baş məşqçisi Məhəmməd Rabii mətbuat konfransında bildirib.
İran çempionatı dayandırıldığı üçün komanda 28 fevraldan bəri rəsmi oyun keçirməyib.
Məşqçi əlavə edib ki, "qarşıdakı matçlarda qalib gəlmək və Asiya finalına çıxmaq üçün böyük ambisiyalarımız var. Sabahdan etibarən hər kəs son zamanlar üzləşdiyimiz ciddi çətinliklərə baxmayaraq, yüksək səviyyəmizi görəcək".
Qeyd edək ki, "Şabab" - "Traktor" arasındakı matç bu gün, Bakı vaxtı ilə saat 17:45-də baş tutacaq.