Litvanın xarici işlər naziri Kestutis Budris bu gün axşam Bakıda "Sabah" futbol klubu ilə İspaniyanın "Barselona" komandası arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci tur matçını izləməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında bildirib.

 

"Bu axşam futbol matçı ("Sabah"-"Barselona") keçiriləcək. İnşallah, biz sizinlə, cənab nazir, matçda olacağıq və "Sabah"a azarkeşlik edəcəyik", - K.Budris bildirib.

 

O, Azərbaycan klubunun qələbəsinə ümid etdiyini ifadə edib.

 

Qeyd edək ki, "Sabah" futbol klubunun baş məşqçisi litvalı mütəxəssis Valdas Dambrauskasdır.

 

Xatırladaq ki, "Sabah" ilk turda səfərdə İngiltərənin "Mançester Yunayted" komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın "Borussiya" (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin "Vikinq" klubuna 1:4 hesabı ilə yenilib.

 

Turnir cədvəlində "Barselona" səkkizinci, "Sabah" isə 30-cu pillədə qərarlaşıb.