"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Aston Villa"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib. Sport24.az xəbər verir ki, türkiyəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını bildirib:
"Bu mövsüm taktiki və fiziki baxımdan ən yaxşı oynadığımız matçlardan biri idi. Çox qol vəziyyəti yaratdığımız qarşılaşma olmadı. Ancaq xüsusilə ikinci hissədə həm oyun, həm fiziki hazırlıq, həm də öndə pressinq baxımından çox yaxşı çıxış etdik. Rəqibin qapımıza yaxınlaşmasına imkan vermədik. Onlar cəmi 4 zərbə vurdular və heç biri qapıya dəqiq olmadı.
İngiltərə Premyer Liqasında çıxış edən, fiziki cəhətdən çox güclü komandaya bu qədər çətinlik yaratmaq və fiziki baxımdan üstünlük qazanmaq ən vacib məqamlardan biri idi. Futbolçularımla fəxr edirəm".
Baş məşqçi Çempionlar Liqasındakı hədəflərindən də danışıb:
"Səfərdə "Lill"ə, öz meydanımızda "Ştutqart"a və "Aston Villa"ya qalib gəldik. İndi səfərdə AEK, daha sonra isə evdə "Feyenoord"la qarşılaşacağıq. Bu iki oyun Liqa mərhələsini neçənci pillədə başa vuracağımızı göstərəcək. Əlbəttə, bütün oyunlarda qalib gəlmək istəyirik".