"Səbail" klubu Quba Olimpiya Kompleksinin stadionunda yenidənqurma işləri aparmağı planlaşdırır. Sport24.az xəbər verir ki, klubun dəvəti ilə Almaniyanın "Polytan" şirkətinin mütəxəssisləri arenaya baxış keçiriblər.

 

Şirkətin nümayəndəsi Daniel Veyler stadionun ot örtüyünün və drenaj sisteminin vəziyyətini qiymətləndirib. Yerli iqlim şəraitini, eləcə də əsas komanda və akademiyanın bütün aşağı yaş qruplarından olan futbolçularının burada məşq edəcəyini nəzərə alan mütəxəssis təkliflərini irəli sürüb. O, son nəsil süni ot örtüyünə malik meydançanın salınmasını məqsədəuyğun hesab edib.

 

"Polytan" şirkəti işlərin ən yüksək keyfiyyət standartlarına uyğun həyata keçiriləcəyinə zəmanət verib.

 

Qeyd edək ki, Almaniyanın "Polytan" şirkəti FİFA-nın rəsmi texniki tərəfdaşıdır və qurumun Keyfiyyət Proqramı çərçivəsində "FIFA Preferred Provider" statusuna malikdir. Şirkətin istehsal etdiyi "LigaTurf" seriyalı süni örtüklər "FIFA Quality" və "FIFA Quality Pro" sertifikatlarına layiq görülüb. Bu örtüklər beynəlxalq rəsmi yarışların keçirilməsi üçün də təsdiqlənib.