Döyüşü ikinci raundda bitirməyi planlaşdırırdıq, lakin alınmadı və üç raund mübarizə apardıq. Əsas məqsədimiz qələbə idi və buna nail olduq.Sport24.az xəbər verir ki, bu sözləri azərbaycanlı UFC döyüşçüsü Tahir Abdullayev onlayn mətbuat konfransında deyib.

 

O bildirib ki, çəki salma prosesində sağlamlığı ilə bağlı müəyyən çətinliklər yaşasa da, UFC-də qələbə qazanmaq çox gözəl hissdir. T.Abdullayev hazırda əsas məşq sistemini dəyişməyi düşünmədiyini və rəqibin üslubuna uyğun taktika üzərində işlədiyini qeyd edib.

 

Növbəti planlarından danışan idmançı mart ayına qədər daha bir görüş keçirmək niyyətində olduğunu vurğulayıb: "İyun ayında Azərbaycanda UFC turnirinin təşkili nəzərdə tutulursa, burada döyüşmək mənim üçün xoş olardı. Reytinqin ilk 15-liyində yer alan döyüşçülərdən biri ilə qarşılaşmaq istərdim, amma bunun üçün hələ tezdir".

 

Müqavilə şərtlərinə toxunan döyüşçü çəki problemlərinə görə yeni maliyyə şərtlərinin növbəti qarşılaşmadan sonra nəzərdən keçiriləcəyini bildirib. O, həmçinin azarkeşləri idmançılara döyüşlərdən əvvəl də dəstək olmağa çağırıb və ölkədə gənc döyüşçülərin yetişməsinə töhfə verməyə çalışdığını deyib.

 

Qeyd edək ki, T.Abdullayev noyabrın 21-də Dohada keçirilən "UFC Qatar" turnirində avstraliyalı Ceyk Mettyusu hakimlərin yekdil qərarı ilə məğlub edərək liqadakı ikinci qələbəsini qazanıb.