İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri müxtəlif mövzularla bağlı maraqlı açıqlamalar verib. Sport24.az xəbər verir ki, təcrübəli futbolçu ilk olaraq komanda yoldaşı Bernardo Silvanın mümkün transferindən danışıb:
"O, istənilən klubda oynaya bilər. Hələ də yüksək səviyyədə çıxış edir, fiziki durumu əladır və böyük işlər görə bilər. Onun Mançester Siti-dəki dövrünün başa çatdığını düşünürəm".
Rodri daha sonra İspaniya millisinin düşərgəsində baş verən hadisəyə də münasibət bildirib. O, məşqlərdə sərt oyunu ilə seçilən Qavi haqqında bunları deyib:
"Qavi çox enerjilidir. Onun üçün sərhəd anlayışı yoxdur, nə düşünürsə edir. Xarakterini çox sevirik, amma ona məşqlərlə oyunların fərqli olduğunu izah etməyə çalışırıq".
2024-cü ilin "Qızıl top" mükafatçısı fərdi uğurların onun üçün əsas olmadığını da vurğulayıb:
"Ballon d'Oru Dünya Kuboku və formamızdakı ikinci ulduzla tərəddüd etmədən dəyişərdim".
Rodri həmçinin son vaxtlar onun "Real"a mümkün keçidi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:
"Bu məlumatın haradan çıxdığını bilmirəm. Belə söhbətlərin futbolun bir hissəsi olduğunu anlayıram, amma gələcəyim barədə heç düşünmürəm. Bütün diqqətim dünya çempionatındadır. "Mançester Siti" ilə müqaviləm davam edir".