"Milan"ın keçmiş yarımmüdafiəçisi Kaka klubun Şöhrət Zalına daxil edilərkən göz yaşlarını saxlaya bilməyib. Sport24.az xəbər verir ki,"İnter"lə derbdəni öncə "San Siro"dakı azarkeşlər braziliyalı futbolçunu ayaq üstə alqışlayıblar.

 

Kaka bu mükafata azarkeşlər arasında keçirilən səsvermə nəticəsində layiq görülüb. Onunla birlikdə Karlo Ançelotti və Rud Qullit də Şöhrət Zalına daxil ediliblər.

 

Kaka 2003-2009-cu illər aralığında "Milan"ın formasını geyinib, daha sonra 2013/14 mövsümündə komandaya geri qayıdıb. O, İtaliya klubunun heyətində 307 oyuna çıxıb, 104 qol vurub və 81 məhsuldar ötürmə edib.

 

Brazliyalı futbolçu "Milan"la İtaliya çempionluğunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və FİFA Klublararası Dünya Çempionatını qazanıb.

 

Qeyd edək ki, Kaka 2007-ci ildə "Qızıl top" (Ballon d'Or) mükafatına layiq görülüb. O, bu mükafatı qazanan "Milan" sonuncu oyunçusu olaraq qalır.