"Ballon d'Or" ("Qızıl" top) mükafatının təşkilatçısı olan "France Football" nəşri rəsmi araşdırmaya başlayıb və polisə müraciət edib. Sport24.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.

 

Buna səbəb, rəsmi mərasimdən bir neçə gün əvvəl səsvermədə ilk "beşliy"ə düşəcək namizədlərin 100 faiz dəqiqliklə düzgün proqnozlaşdırıldığı şübhəli mərc seriyasının aşkar edilməsi olub.

 

Bu araşdırma, Fransanın "Upside" media orqanının apardığı təhqiqatdan sonra başlayıb. Analitiklər ABŞ-da fəaliyyət göstərən "Polymarket" kriptovalyuta proqnoz platformasında şübhəli fəaliyyətlər aşkar ediblər. Belə ki, bu platformada bu yaxınlarda yaradılmış 12 hesab vasitəsilə səsvermənin nəticələrinə ümumilikdə 264 000 dollardan çox məbləğdə mərc edilib və nəticədə təxminən 200 000 dollardan çox qazanc əldə olunub.

 

Proqnozların heyrətamiz dərəcədə dəqiq olması, məlumatın kənara sızdırıldığına dair şübhələri daha da gücləndirib. Mərc edənlər ilk beşlikdəki iştirakçıların sıralamasını tam dəqiqliklə təxmin ediblər ki, bu da rəsmi nəticələrlə tam üst-üstə düşüb.

 

Məlumata görə, sözügedən 12 şübhəli hesabın hamısı oktyabr ayının ilk yarısında qeydiyyatdan keçib. Onlardan 6-sı isə yaradıldıqdan cəmi 15 dəqiqə sonra ilk böyük mərcini edib. Jurnalistlər tranzaksiyaları izləyərək, bu sxemin arxasında durduğu iddia edilən şəxslərdən birini müəyyən edə biliblər. Əldə edilən bütün məlumatlar "France Football" rəhbərliyinə təqdim olunub, onlar da öz növbəsində məsələni hüquq-mühafizə orqanlarına yönəldiblər.

 

Qeyd edək ki, "Ballon d'Or" mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçirilib. Əsas mükafatı karyerasında ilk dəfə olaraq "Bavariya"nın və İngiltərə milli komandasının hücumçusu Harri Keyn qazanıb.