Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin altıncı ildönümü münasibətilə təşkil olunan "Qələbə qaçışı"nda qalib müəyyənləşib. Sport24.az xəbər verir ki, 10 kilometr məsafəyə keçirilən yarışda Bəxtiyar Əsgərli birinci yeri tutub.

 

Dənizkənarı Milli Parkda baş tutan yarışın iştirakçıları "Yeddi gözəl" fəvvarəsinin yaxınlığından start götürüblər.

 

Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir bu il də "Qürurla irəli" şüarı altında baş tutub.

 

Altıncı dəfə təşkil olunan xeyriyyə yarışına rekord sayda - 2000-ə yaxın iştirakçı qatılıb.

 

Qeydiyyat zamanı hər bir iştirakçı minimum 20 manat ianə edib. Toplanan vəsaitin hamısı "YAŞAT" Fonduna köçürüləcək.

Qeyd edək ki, "Qələbə qaçışı" 2021-ci ildən etibarən hər il keçirilir.