"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının beşinci turunda "Ordu"ya 76:84 hesablı məğlubiyyəti şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında uğursuzluğun əsas səbəblərindən birinin komandanın psixoloji hazırlığının yetərli olmaması olduğunu etiraf edib.

 

"İlk növbədə, rəqib yaxşı oynadı. Ancaq hesab edirəm ki, biz bu görüşə kifayət qədər hazır deyildik, xüsusilə də psixoloji baxımdan. Məhz buna görə belə nəticə ilə üzləşdik.

 

Bundan başqa, rəqibə həddindən artıq çox sürətli əks-hücum təşkil etməyə imkan verdik. Bütün bu amillər qələbə qazanmağımıza mane oldu", - deyə Kondruseviç bildirib.

 

Baş məşqçi komandanın yeni mövsümə uyğunlaşmaqda davam etdiyini və heyətlə bağlı müəyyən çətinliklərin yaşandığını da qeyd edib.

 

"Mövsüm uzundur və biz hələ onun başlanğıcındayıq. Heyətlə bağlı müəyyən problemlərimiz yaranıb. Əlbəttə, bu oyuna hazırlaşmağa çalışmışdıq, amma hazırda matçdan-matça irəliləyirik", - deyə mütəxəssis əlavə edib.

 

Qeyd edək ki, beş oyundan sonra "Naxçıvan"ın aktivində yeddi xal var. "Ordu" da bu qələbə sayəsində xallarının sayını yeddiyə çatdırıb.