Misli Premyer Liqasının X turunda öz meydanında "İmişli"ni minimal hesabla məğlub edən "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Biz bilirdik ki, çox yaxşı və son iki matçda qələbə qazanan komandaya qarşı oynayırıq. Hər bir şeyə rəğmən, rəqib də yaxşı bilir ki, Gəncədə "Kəpəz"ə qarşı mübarizə aparmaq həmişə çətindir. Ancaq bu qələbədə əsas pay sahibi Gəncə azarkeşləridir. Tribunalardakı dəstəklə yanaşı, futbolçularımız da meydanda çox istəkli və əzmkar oyun sərgilədilər. Həm azarkeşlərimizə, həm də komandamıza təşəkkür edirəm. Komandamız hər tur daha da inkişaf edir. Ən sevindirici məqamlardan biri odur ki, artıq neçə oyundur qol vururuq, bu gün isə qapımızı toxunulmaz saxlaya bildik. Əgər həmin templə davam etsək, xallarımızın sayını daha da artıracağıq. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Son iki matçda, həm "Şamaxı", həm də bu gün "İmişli" ilə görüşdə sırf "9 nömrə" olmadan oynamalı olduq. Belə çətinliyə baxmayaraq, son iki oyunda üç qol vurmağımız futbolçuların nə qədər böyük əmək sərf etdiyini göstərir.

 

– Kennet Kalunqa hücumçudur, lakin ehtiyatdan daxil olaraq oyunu canlandırdı. Bayaq qeyd etdiniz ki,"yalançı doqquzluqla" oynamağa məcbur qalmısınız. Bu taktiki gediş idi, yoxsa rəqibə sürpriz?

 

– Yaxşı sualdır, təşəkkür edirəm. Açığı, bu barədə özüm də düşünürdüm. Kalunqa zədəli idi və bərpa prosesindən yeni qayıtmışdı. Əgər onu əvvəldən meydana buraxıb yenidən zədələsəydik, uzun müddətə itirə bilərdik. Düşündüm ki, onun hazır olduğu müəyyən bir vaxt var və məhz həmin dəqiqələrdə komandaya kömək etməsi daha məqsədəuyğundur. Kalunqanın və Namik Ələsgərovun meydana daxil olması komandamıza əlavə effekt verdi.

 

– Noyabrın ilk günüdür, amma məncə, ayın qoluna namizəd artıq bəllidir. Namik Ələsgərovun vurduğu möhtəşəm qol haqqında nə deyə bilərsiniz?

 

– İndicə məşqçilər otağında bu qol ətrafında müzakirəmiz oldu. Biz də eynilə sizin kimi düşünürük ki, bu, yəqin ki, ayın qolu olacaq.

 

– İki fərqli hissə izlədik. Namik Ələsgərovu ikinci yarıda buraxmaq öncədən düşünülmüş taktika idi, yoxsa onun fiziki imkanları məhz ikinci hissədə daha parlaq oyun göstərməyə imkan verir? Növbəti turda "Neftçi" ilə qarşılaşmaya hazırlıq necə gedəcək?

 

– Kalunqa ilə bağlı dediyim məqam Namikə də aiddir. Hər iki futbolçumuz "Zirə" ilə oyundan sonra zədə almışdı və biz onları qorumağa çalışırdıq. Onların sağlamlığı bizim üçün hər şeydən öndədir. İstəmirdik ki, onları uzun müddətə itirək. Görünən odur ki, həm Namik, həm də Kalunqa lazım olan anda meydana çıxıb komandanın gücünə güc qatdılar.

 

– "Kəpəz" əvvəllər qol vurmaqda çətinlik çəkirdi. İndi isə sanki maşın"xodlanıb" və komanda hər matçda fərqlənir. Bunun sirri nədədir?

 

– Əlbəttə ki, bu, futbolçuların məşqlərdə çəkdikləri ağır əziyyətin bəhrəsidir. Biz hücum xəttində keyfiyyətin artırılması üzərində çox çalışırıq. Qol vurduqca, xüsusən də qapımızı toxunulmaz saxladıqca daha çox sevinirik. Əsas məsələlərdən biri də odur ki, mən futbolçulara meydanda müəyyən rahatlıq vermişəm. Onlarda özünəinam hissini formalaşdırmışam. Söhbət təkəbbürdən getmir, məhz  sağlam özünəinamdan gedir. Uşaqlar da bu güvəndən yararlanaraq meydanda sərbəst və rahat futbol oynayırlar.

 

– Meydançada sizi ilk dəfədir bu qədər emosional və həyəcanlı görürük. Bu, səhhətinizə mənfi təsir etmir ki?


– Güman edirəm ki, edir. Amma bilirsiniz, sarı vərəqə aldım. Çox təəssüflənirəm, çünki vaxtilə futbol oynayanda demək olar ki, heç vaxt sarı kart almazdım, bu isə məşqçi kimi ilk sarı kartım idi. Görünür, bəzi məqamlarda özümü bir qədər yığışdırmalı, emosiyalarımı idarə etməliyəm.