Misli Premyer Liqasının X turu çərçivəsində öz meydanında "Neftçi"yə 2:3 hesabı ilə məğlub olan "Şamaxı"nın baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis gərgin keçən qarşılaşmanı və buraxılan imkanları dəyərləndirib.

 

– Əslində, çox maraqlı oyun alındı və futbolçularım üçün böyük təcrübə oldu. Matç gözlədiyimiz kimi "Neftçi"nin təzyiqi ilə başladı, lakin uşaqlar bu təzyiqi aradan qaldıra bildilər. Birinci hissədə 100%-lik real qol epizodlarımız oldu, lakin əfsuslar olsun ki, həmin imkanları dəyərləndirib hesabda önə çıxa bilmədik. Mənə elə gəlir ki, bundan sonra daha güclü və hazırlıqlı olmalıyıq. Meydanda hər cür hadisə baş verə bilər və biz bütün təzyiqlərə sinə gəlməliyik. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.

 

– Azər müəllim, ilk olaraq keçmiş olsun. Siz qeyd etdiniz ki, matç "Neftçi"nin təzyiqi ilə başlayıb, lakin rəqibin baş məşqçisi Yuri Vernidub bunun əksinə, sizin daha üstün oynadığınızı bildirdi. Həmin epizodlarda fərqlənmək üçün nə çatmadı?

 

– Bilirsiniz, elə anlar olur ki, onu nə qədər müzakirə etsən də, bəzən alınmayanda alınmır. Doğrudan da, birinci hissədə Oruc Məmmədov və Rui Paşekonun 100%-lik qol epizodları oldu. Mənə elə gəlir ki, orada əsas amil bəxtsizlik idi. Görünür, qədərimizdə bu gün məğlub olmaq, həmin qolların isə vurulmaması var idi. Yenə deyirəm, biz daha güclü və hazırlıqlı olacağıq, bəsit qollar buraxmamağa çalışacağıq və inşallah, Premyer Liqaya rəng qatacağıq.