Fransa millisinin sabiq yarımmüdafiəçisi Pol Poqba qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün cəzalandırılması haqda danışıb. Sport24.az xəbər verir ki, cəzası mart ayının 11-də başa çatan 32 yaşlı futbolçu bunları deyib:
"Dörd illik qadağa alsaydım, futbol oynamağı dayandırardım. Bunu ictimaiyyətə açıqlamaq istəməzdim, amma belə düşünürdüm. Topu götürüb küçədə öz-özümə futbol oynayırdım. Əlimdə olanlarla kifayətləndim. Amma Turində qalmaq istəmirdim. Səhər uşaqları məktəbə aparırdım. Məktəb məşq meydançasının düz yanında idi. Ona baxmaq məni incidirdi.
Mənə niyə əvvəlcə 4 illik verdilər, başa düşmədim. Niyə?! Mənə maksimum müddətdə cəza təyin etdilər. Bu o deməkdir ki, mənim onlara söylədiyim heç nəyə qulaq asmadılar.
Başıma gələn hər şey məni dəyişdi. Mən real həyatın necə olduğunu gördüm. Bu tam yenilənəmə kimi idi. Birdən-birə 10 yaş böyüdüm".
Xatırladaq ki, ötən ilin fevral ayının 29-da Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Oktyabrda isə fransalının diskvalifikasiya müddəti 18 aya endirilmişdi.