İtaliya futbolu ciddi bir inzibati böhranla üz-üzədir. İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo, iyun ayındakı seçkilərdə qazandığı həlledici qələbədən cəmi bir neçə ay sonra vəzifəsini itirmək təhlükəsi ilə üzləşib. Məhkəmə seçkinin nəticələrini ləğv edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə əsasən, onun vəzifədən kənarlaşdırılması ehtimalı şikayətçilər tərəfindən qaldırılan hüquqi məsələyə əsaslanır. O, illər ərzində ölkədə bütün idman növlərinə nəzarət edən quruma – İtaliya Milli Olimpiya Komitəsinə (CONI) rəhbərlik etsə də, məlum olub ki, səsvermə zamanı Malaqo İtaliya Futbol Federasiyasının qeydiyyatdan keçmiş üzvü olmayıb.
Yaranmış vəziyyəti nəzərə alaraq, ekspertlər Malaqonun istefasını qaçılmaz hesab edirlər. Oktyabrın 6-sı ilə 10-u arasında – beynəlxalq oyunlar başa çatdıqdan dərhal sonra – FIGC-nin idarəçiliyi müvəqqəti olaraq yeni seçkilərə hazırlıq işlərini həyata keçirmək tapşırığı verilmiş xüsusi komissara həvalə edilməsi gözlənilir.
Bu fonda, A Seriyasının aparıcı klubları artıq rəhbərlikdə dəyişikliklə bağlı hazırlıqlara başlayıblar. İki illik keçid dövründə federasiyaya müvəqqəti rəhbərlik etmək üçün əsas namizəd qismində Adriano Qallianinin adı çəkilir. Uzun müddət Silvio Berluskoni ilə birlikdə "Milan" və "Montsa" klublarında çalışmış 82 yaşlı funksioner hazırda "Forza Italia" partiyasından senator kimi fəaliyyət göstərir və ölkənin idman dairələrində böyük nüfuza malikdir.