"Barselona" zədəli yarımmüdafiəçisi Qavinin durumu ilə bağlı açıqlama yayıb. Sport24.az xəbər verir ki, 21 yaşlı futbolçu İspaniya çempionatının 2-ci turunda "Elçe" ilə matçda (5:0) sağ dizindən zədə alıb.

 

Mətbuatda ispaniyalı futbolçunun dizinin çarpaz bağlarının qopmasından şübhələnildiyi barədə xəbərlər yayılmışdı.

 

Lakin "Barselona"nın yaydığı açıqlamaya görə, Qavinin zədəsi ciddi deyil və futbolçunun dizində sadəcə əzilmə aşkarlanıb.

 

"Əsas komandanın futbolçusu Qavi dünənki matç zamanı sağ dizindən zərbə alıb. Bu səhər aparılan tibbi müayinələr göstərdi ki, bu, sadəcə əzilmədir. Onun yaxın zamanda məşqlərə qayıtması gözlənilir", - deyə klubun mətbuat xidməti bildirib.

 

Qeyd edək ki, Qavi karyerasında daha əvvəl də ciddi diz zədəsi alıb. 2023-cü ildə ispaniyalı futbolçunun ön çarpaz bağı qopmuşdu.