"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Hapoel"ə qarşı keçirəcəkləri cavab görüşündə qalib gələcəklərinə əminliyini i̇fadə edib. Sport24.az xəbər verir ki, litvalı mütəxəssis bu barədə mətbuat konfransı zamanı bildirib.
O, İsrailin "Hapoel" (Beer-Şeva) klubuna qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması öncəsi fikirlərini bölüşdü:
"Buxarestdəki qarşılaşmanın davamıdır. Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq. Hazırda bir top fərqi ilə geridəyik. Azarkeşlərimizə hazır olduğumuzu demək istəyirəm. İnanıram ki, sabah qalib gələcəyik".
V. Dambrauskas keçmiş karyerasında da avrokubokların Liqa mərhələsinə vəsiqə təmin etdiyini xatırladıb:
"Daha əvvəl də liqa mərhələsinə vəsiqə qazanmışam. Təcrübəmdən istifadə edərək bunu yenidən etməyə çalışacağam. Mükəmməl vəziyyətdəyik. İkinci və üçüncü təsnifat mərhələlərindən başlayan bəzi komandalar bunu bacarmadı. Hazırda hesab rəqibin xeyrinədir və onlar bundan istifadə etməyə çalışacaqlar. Onları analiz etmişik. Əsas diqqətim sabahkı oyunadır".
Oyun avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan ilk duel "Hapoel"in 2:1 hesablı üstünlüyü ilə başa çatmışdı.