"Aston Villa" Avropa Liqasının İstanbulda keçirilən final matçında Almaniya təmsilçisi "Frayburq"u 3:0 hesabı ilə məğlub edərək kuboku muzeyinə aparıb. Sport24.az xəbər verir ki, məktəb illərindən bəri "Aston Villa" azarkeşi olduğunu gizlətməyən Şahzadə Uilyam qarşılaşmanı İstanbulda, stadionun VİP skamiyasından canlı izləyib. Final fitinin səslənməsi ilə böyük coşqu yaşayan şahzadə sevinc göz yaşlarını saxlaya bilməyib.

O, matçın ardından rəsmi sosial şəbəkə hesabında paylaşım edərək komandasını belə təbrik edib:

"Möhtəşəm gecə idi! Futbolçuları, məşqçilər heyətini və klubla əlaqəsi olan hər kəsi ürəkdən təbrik edirəm. Son Avropa çempionluğumuzdan tam 44 il keçmişdi".

Qarşılaşmanın ardından Şahzadə Uilyam birbaşa komandanın paltardəyişmə otağına yollanıb. Futbolçular və texniki heyətlə birlikdə qələbəni qeyd edən Kral ailəsinin üzvü, baş məşqçi Unai Emeri ilə birlikdə kubokun önündə xatirə şəkli də çəkdirib.