UFC döyüşçüsü İslam Maxaçov əsas idman növünü yalnız qarışıq döyüş sənətləri üçün deyil, həm də özünümüdafiə üçün ən yaxşı fənlərdən biri hesab etməsinin səbəbini izah edib. Sport24.az xəbər verir ki, rusiyalı idmançı sambonun özünümüdafiə üçün ən yaxşı idman növü olduğunu deyib:

 

"Ciu-citsuda özünü qorumaq istəyirsənsə, yerə uzanmalı olursan. Samboda isə ayaq üstə hərəkətə başlaya bilərsən. Sambo təkcə mənim, Fyodor Yemelyanenkonun, Həbib Nurməhəmmədovun dünyanın ən yaxşı döyüşçüsü olmasına kömək etmir. O, həm də özünümüdafiə üçün ən yaxşı idman növüdür.

 

Küçədə münaqişə yarananda insanın üzərində həmişə tutub istifadə edə biləcəyin geyim olur. Bu, sadəcə güləş deyil. Sən rəqibindən yapışa, onu nəzarətdə saxlaya və müxtəlif fəndlər tətbiq edə bilərsən. Ona görə də hesab edirəm ki, sambo təkcə döyüşçü olmaq üçün deyil, həm də özünü qorumağı bacarmaq üçün ən yaxşı idman növüdür".

 

İslam Maxaçov sambo vərdişlərini bu həftəsonu Filadelfiyadakı "UFC 330" turnirində nümayiş etdirəcək. O, orada tədbirin əsas hadisəsində yarımorta çəkidə çempionluq kəmərini qorumaq üçün irlandiyalı İen Maçado Qerri ilə qarşılaşacaq.