Ukrayna millisinin sabiq müdafiəçisi Artyom Fedetski "Dinamo"nun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a məğlubiyyəti (1:0, 0:2) barədə düşüncələrini bölüşüb. Sport24.az xəbər verir ki, veteran futbolçu nəticəyə və oyuna görə məyus olduğunu bildirib:

 

"Məndə şəxsən oyuna, nəticəyə və ümumən hər şeyə qarşı məyusluq var. "Qarabağ" elə bir komandadır ki, onu keçmək lazım idi. Bu, mütləq idi. Elə bil ki, çalışırlar, lakin xarakter, istək çatmır.

 

​Ən əsası da odur ki, yəqin ki, baş məşqçi İqor Kostyuk bu "Dinamo"nu alovlandıra bilmir. Məşqçi ehtirası yoxdur, hər şey monoton görünür. Düzünü desəm, "Dinamo"nun oyununu təhlil etmək mənə çətindir. Əvvəllər çempionatda "Dinamo"dan qorxurdular. Təkcə adından deyil, həm də futbolçularından. Ancaq indi elə deyil. Səbəbini bilmirəm, lakin belə olmaz.


​"Qarabağ"la ilk matç kifayət qədər yaxşı idi, ancaq dərhal dedim ki, cavab oyunu üçün bir qol az olacaq. Mənə "Dnepr"in vaxtında Bakıda "Qarabağ"a qarşı oynamaq nəsib olub. Ona görə də bu komandanın necə olduğunu bilirəm".