"Neftçi"nin Baş İcraçı Direktoru Cenk Sümer klubun rəsmi saytına müsahibə verib. Sport24.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

– Cenk bəy, artıq yeni mövsüm başladı. Fasilə dövründə klubun transfer siyasətini və komandanın hazırlıq prosesini necə dəyərləndirirsiniz?


– Əvvəlcə onu qeyd edim ki, UEFA Konfrans Liqasında Minsk "Dinamo"su ilə görüşlərin nəticəsi hər birimizi məyus etdi. Əlbəttə, avrokuboklarda irəliləmək istəyirdik, lakin kiçik detalların və müəyyən mənada bəxtsizliyin qurbanı olduq. İlk matçda adi səhvlərdən gözlənilməz qollar buraxdıq. İkinci oyunda toparlanıb fərqi aradan qaldırmağa hazır idik, lakin rəqib intizamlı müdafiə olundu, müdafiəni yarmaq mümkün olmadı və əlimizə düşən imkanlardan yararlana bilməyərək mübarizəni dayandırdıq. Buna görə azarkeşlərimizdən üzr istəyirik.
İndi artıq diqqətimizi Azərbaycan Premyer Liqası və Azərbaycan Kuboku oyunlarına yönəltmişik. Hər iki turnirdə yüksək hədəflər uğrunda əzmlə mübarizə aparacağıq.
Transfer siyasətimizə gəlincə, mütləq vurğulamalıyam ki, son bir neçə ayda futbol departamenti və skaut qrupunu yenidən strukturlaşdırmışıq. Bu yenidənqurma oyun modelimizə uyğun futbolçuların tapılmasından seçilməsinə, heyətimizə qatmaq istədiyimiz oyunçuların detallı izlənilməsindən baş məşqçiyə təqdim olunmasına qədər böyükmiqyaslı bir işdir. Oyunçu izləmə platformalarının sayı artıb, şəbəkə genişləndirilib. Səhvləri minimuma endirmək üçün əlimizdən gələni edirik.
Ötən mövsüm başa çatdıqdan sonra komanda və heyət hərtərəfli təhlil edildi. Bu, yalnız son 1-2 ayı deyil, bütöv mövsümü, hətta daha əvvəlki dövrü əhatə edən dərin bir təhlil idi. Baş məşqçimizlə birgə transfer ehtiyaclarını və gücləndirilməli olan mövqeləri dəqiqləşdirdik. Oyun modelimizə və baş məşqçinin tələblərinə uyğun futbolçular müəyyən edildi. Düşünürəm ki, hazırda uğurlu transfer dönəmi keçiririk.

 

– Yeni gələn futbolçuların uyğunlaşması üçün vaxt lazımdır, bu barədə komandamızın baş məşqçisi Yuri Vernidub da müsahibəsində demişdi. Bəs bu transferlərin reallaşması necə baş verdi?


– Hər transfer bir hekayədir. Hər futbolçu bir fərd olduğu üçün karyerasına, həyata yanaşması fərqli olur. Bəzən danışıqlar uzun çəkir, bəzən qısa. Amma istənilən transferin arxasında dayanan ilk və ən vacib məsələ klubun özünün həyata keçirdiyi layihəyə inanması və cəlb etmək istədiyi futbolçunu da buna inandırmasıdır. 


Ayrı-ayrılıqda qeyd etsək, Qustavo Klisman Portuqaliya Premyer Liqasından gələn, fərqli keyfiyyətlərə malik yüksək səviyyəli futbolçudur. Son illərdə bu ölkədən Azərbaycana gələn oyunçuların sayı çoxalıb, amma Premyer Liqadan futbolçu gətirmək hər dəfə alınmır. Düşünürəm ki, bu bizim uğurumuzdur.
Endryu Qravilyon, mübaliğəsiz deyə bilərəm ki, Avropa səviyyəli oyunçudur. Onun qitənin iddialı liqalarından təklifləri var idi, lakin biz onu layihəmizə inandıra bildik.
Lyubomir Tupta Slovakiya millisinin üzvüdür. Azərbaycan Premyer Liqasında bu səviyyədə oyunçuların sayı azdır. Hazırda uyğunlaşma prosesi keçir və ən yaxın zamanda komandaya ciddi xeyirinin dəyəcəyinə inanıram.

 

Rüfət Abbasov – öz yetirməmizdir, qürurumuz olacaq və ölkəmizi Avropada layiqincə təmsil edə biləcək potensiala malikdir. Onun transferi həm bu günümüzə, həm də gələcəyimizə yatırılan investisiyadır. Yeri gəlmişkən, daha bir yetirməmiz – yayda Kiprin "Pafos" klubuna keçən Murad Məmmədov da bugünlərdə avrokuboklarda fərqləndi. Komandası mərhələ adlaya bilməsə də, gənc futbolçumuzun yavaş-yavaş əsas silahlardan birinə çevrilməsi bizi qürurlandırmaqla yanaşı, "Neftçi" akademiyasının da yüksək səviyyəli işindən xəbər verir.
O ki qaldı son transferimiz Alen Şkribekə, düşünürəm ki, azarkeşlərimiz onu  izləyiblər və hansı keyfiyyətlərə malik olduğunu görüblər. Macarıstan çempionatının hazırda ən yüksək dinamika ilə inkişaf edən futbolçularından birini heyətə qatmaq asan məsələ deyil. Onu mart ayından izləyirdik, klubu və özü ilə çoxdan təmasda idik və nəticədə bu transferi reallaşdırdıq.

 

qışda, həm də yayda başqa bir neçə futbolçumuza – istər yerli, istərsə də legioner olsun – xarici klublardan ciddi maraq var idi. Bu da seçdiyimiz futbolçuların keyfiyyətindən xəbər verir.


Transfer siyasətində maliyyə intizamına xüsusi diqqət yetiririk və hər şeyi müəyyən olunmuş büdcə çərçivəsində reallaşdırmağa çalışırıq. Maliyyənin optimallaşdırılması vacib şərtdir. Müxtəlif mənbələrdə Varqas və Şkribek üçün yüksək məbləğlər ödədiyimiz barədə dəqiqləşdirilməmiş məlumatlar yayılır. Bəyan etmək istərdim ki, həmin rəqəmlər reallığı əks etdirmir. Hər iki futbolçunun transferi klub üçün çox sərfəli qiymətə başa gəlib. Ümumiyyətlə, doğru yatırım edib futbolçusundan həm meydanda fayda görən, həm də gəlir əldə edən kluba çevrilmək üçün əməli addımlar atırıq. Müasir futbolda hər bir klubun inkişafı üçün ən optimal strategiya məhz budur.

 

– Yeni mövsümdə klubun və komandanın qarşısında dayanan əsas hədəflər nədir?


– Komanda olaraq hədəfimiz birdir: mübarizə apardığımız bütün turnirlərdə qalib olmaq. Qarşıdan klubun 90 illik yubileyi gəlir və biz bu əlamətdar tarixi kuboklar və titullarla taclandırmağa çalışmalıyıq. Çox təcrübəli, müxtəlif ölkələrdə çempionluqlar yaşamış baş məşqçimiz var. Onun futbol baxışına və oyun fəlsəfəsinə tam güvənirik. Artıq özümüzə məxsus oyun üslubumuz formalaşıb: nə oynadığını, necə oynadığını bilən və buna uyğun fəaliyyət göstərən bir komandayıq.
Düşünürəm ki, hazırda nominal heyətimiz var, lakin güclənmək şərtdir. Xüsusilə hücum xəttinə yeni futbolçuların qoşulması gözlənilir. Hazırda azı iki hücum futbolçusu ilə danışıqlar davam edir. Məqsədimiz həm heyətdə rəqabəti artırmaq, həm də taktiki variantlarımızı zənginləşdirməkdir.
Əsas məqsəd yüksək nəticələr üçün oynamaq, komandanın keyfiyyətini və oyun səviyyəsini qaldırmaqdır. Bu layihə 1 illik və ya 1 mövsümlük deyil, uzunmüddətlidir. Gələcək böyük uğurların təməlini qoyuruq. Bu yolda çətinliklər də, bəzən məyusluqlar da ola bilər, lakin əminəm ki, birgə əməyimizlə "Neftçi"ni layiq olduğu yerə - zirvəyə qaytaracağıq.
Bu yay Avropada futbol bəxtsizliyi ilə üzləşdik. Lakin unutmayaq ki, futbol bir oyundur və onun iki üzü var. Əsas məsələ heç səhv etməmək deyil, buraxılan səhvlərdən vaxtında doğru nəticə çıxarmağı bacarmaqdır. Təcrübəli məşqçi heyətimiz və keyfiyyətli futbolçularımızla hədəflərimizə çatacağımıza inanıram. 90-cı ilimizdə var gücümüzlə çalışacaq, hər matçda qələbə üçün mübarizə aparacağıq.
Klub olaraq hədəfimiz isə müasir idarəçilik modelinin tətbiq olunduğu, Avropa səviyyəli bir "Neftçi" formalaşdırmaqdır. Bu mənada klubun Müşahidə Şurasının ortaya qoyduğu vizyona uyğun strategiya həyata keçirməyə, qarşımızdakı hədəfləri yerinə yetirməyə çalışırıq. Klubun gündəlik fəaliyyətindən Müşahidə Şurasının dəstəyini hər zaman hiss edirik. Stadiona gələn azarkeşlərin sayının artırılmasından forma satışına, kommunikasiyadan infrastruktura qədər hər sahədə Azərbaycanın lider klubu olmalıyıq. Son 2 ildə bu istiqamətdə ciddi məsafə qət etmişik, lakin arxayınlaşmaq olmaz. Təlim-məşq bazamızın ölkəmizdə tayı-bərabəri yoxdur, stadionumuzda yenidənqurma işləri davam edir, ot örtüyümüz əla vəziyyətdədir. Hətta avrokuboklarda çıxış edən digər klublarımızdan stadionumuzdan istifadə ilə bağlı müraciətlər almışıq və alırıq. Bu təkliflərə həmişə açığıq, çünki biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur.

 

– Azarkeşlərə sözünüz varmı?


– Şübhəsiz ki, uğura gedən yolda azarkeşlərimizin dəstəyinə hər zamankından daha çox ehtiyacımız var. Onları məyus etmək bizim üçün ən böyük üzüntüdür. Sevindirmək isə əksinə, bizi qürurlandırır və əlavə güc verir. Azarkeşlərin coşğusu və dəstəyi hər zaman "Neftçi"ni irəli aparıb. Sədaqəti, rənglərinə bağlılığı və futbol mədəniyyəti ilə hər kəsə nümunə olan "Neftçi" azarkeşlərini yeni mövsümdə də tribunaları doldurmağa çağırırıq. Komandanı dəstəkləyin, öz təzyiqinizi hiss etdirin və bu təzyiqlə "Neftçi"mizi daha böyük uğurlara daşıyın! Biz bu təzyiqdən çəkinmirik, əksinə, daha böyük məsuliyyət hiss edərək hədəflərimizə doğru əzmlə irəliləyirik.
Həmçinin, yeni mövsümün başlaması münasibətilə ölkəmizin futbol ictimaiyyətini təbrik edirəm! Azərbaycan futbolunun flaqmanı olan "Neftçi" şanlı tarixi ilə hər zaman ədalətli oyun prinsipini müdafiə edib və bundan sonra da belə olacaq. Yeni mövsümdən gözləntilər böyükdür. Bizi maraqlı və gərgin çempionat gözləyir. Azərbaycan futbolunun inkişafı yolunda durmadan çalışan AFFA-ya, çempionatın təşkilində gözəl işlər görən PFL-ə də uğurlu mövsüm arzulayıram! İnanıram ki, azarkeşlərin könlünü xoş edəcək bir mövsüm olar.