Avarçəkməni yüksək səviyyədə inkişaf etdirmək üçün Azərbaycanda xüsusi yerlər çoxluq təşkil edir. Sport24.az xəbər verir ki, bunu Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2025" beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün təşkil edilmiş xüsusi tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

 

ECA rəhbəri Azərbaycan torpaqlarında olmasından məmnunluq hissi duyduğunu bildirib:

 

"Bu, Füzuliyə növbəti gəlişimdir. Burada iştirak mənim üçün xüsusi önəm daşıyır. Füzulini daha yaxından tanımaq istəyirəm. Azərbaycanda keçiriləcək beynəlxalq reqatada iştirakçı sayının çox olması sevindirici haldır. Azərbaycan bu təşkilatçılıqdan sonra önəmli təcrübə qazanacaq. Bütün bunların sayəsində gələcəkdə Avropa çempionatına da ev sahibliyi edə bilər. Texniki heyətimiz də həftə sonuna qədər baxış keçirmək üçün burada iştirak edəcək".

 

Qeyd edək ki, "Prezident Kuboku-2025" beynəlxalq reqatasının rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində keçiriləcək. Aprelin 30-da Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.