Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən yerli atlet Kənan Vəliyevə qarşı ciddi sanksiya tətbiq olunub. Sport24.az xəbər verir ki, idmançı dopinq nümunəsinin toplanmasından yayınma, test verməkdən imtina etmə və ya nümunəni təqdim etməmə qaydalarını pozduğuna görə cəzalandırılıb.
Qərara əsasən, 2 illik diskvalifikasiya cəzası 15 aprel 2026-cı ildən qüvvəyə minib və 15 aprel 2028-ci ilədək davam edəcək.
Qeyd edək ki, 31 mart 2008-ci il təvəllüdlü Kənan Vəliyev "Təhsil" Respublika İdman Mərkəzinin yetirməsidir. Atletikanın nüvə itələmə və lövhə atma növlərində ixtisaslaşan idmançı yeniyetmələr arasında ölkə birinciliyinin qalibi olmaqla yanaşı, böyüklər arasında keçirilən Azərbaycan çempionatlarının (həm qapalı zal, həm də açıq havada) bürünc mükafatçısıdır. Onun şəxsi göstəriciləri qapalı zalda nüvə itələmədə 13.97 metr, lövhə atmada isə 46.13 metr təşkil edir.