Qətərdə start götürən cüdo üzrə dünya çempionatında Rusiya və Belarus idmançılarının iştirak etməsi fonunda Ukrayna yığmasının yarışlara qatılmaması geniş müzakirələrə səbəb oldu. Sport24.az xəbər verir ki, Beynəlxaq Cüdo Federasiyası bu iki ölkənin cüdoçularına neytral statusda çıxış etməyə imkan verməsinə görə peşman deyil.

Qurumun baş direktoru Vlad Marinesku addımlarını belə izah edib: “Bizim hədəf insanları birləşdirməkdi. BMT-nin prinsiplərinə görə biz insanların doğum yeri, milliyəti, dini və başqa aspektlərinə görə diskriminasiyaya səbəb ola bilmərik. Biz cüdoçularıq. Bura hamını birləşdirmək üçün gəlmişik. Cüdoçular bir ailənin üzvüdü. Həm də unutmayaq ki, Olimpiya Oyunlarının başlanmasına çox qalmayıb. Artıq lisenziya xarakterli yarışlar keçirilir. Bəzilərini lisenziyadan məhrum etmək doğru olmazdı. Təəssüf ki, Ukrayna cüdoçuları dünya çempionatında iştirak etməyəcəklər. İdman dəyərləri siyasətdən üstün olmalıdı. Burdakı idmançılar uzun illərdir ki, yarışırlar və bir-birlərini yaxşı tanıyırlar. Onlar heç vaxt münaqişəyə bulaşmayıblar. İdmanda siyasətə yer yoxdu”.