Beynəlxalq Boks Assosiasiyası (İBA) bu il keçiriləcək dünya çempionatını boykot edən ölkələrin federasiyaları ilə bağlı intizam işi açıb. Sport24.az xəbər verir ki, İBA ötən ilin oktyabr ayında Rusiya və Belarus boksçularının öz ölkələrinin bayrağı altında dünya çempionatında iştirak edəcəyi ilə bağlı qərar qəbul etrmişdi.

Bu da bir çox aparıcı ölkələrin federasiyalarının narazılığına səbəb olmuşdu. Nəticədə ABŞ, Kanada, Çexiya, İsveç və Yeni Zelandiya kimi ölkələr dünya çempionatını boykot etmək qərarına gəlmişdi.

Mundialda mübarizə aparacaq komandaların sayı azaldığından İBA da məsələyə qarışmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, qadınlar arasında dünya çempionatı artıq bu ay Hindistanın paytaxtı Nyu-Dehli şəhərində start götürəcək. Kişilər arasında mundial isə may ayında Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq.