Milli komandamız 3-cü dəfə iştirak etdiyi UEFA Millətlər Liqasında çıxışını qrup 2-cisi kimi başa vurdu. Millimizin tarixində ən yaxşı futbolçulardan olmuş Yunis Hüseynov "Mütəxəssis rəyi" ənənəvi rubrikamızda qonaq olaraq bu turnirdə çıxışımızı dəyərləndirdi, baş məşqçi məsələsində baxış bucağını açıqladı. Hüseynov fikirlərinə son 2 matçla başladı. 

- Slovakiyayla görüşdə birinci hissədə komandamız demək olar pis təsir bağışlamadı. Yəni, rəqiblə başabaş bir oyun oynadı. Bu da fikrimcə, ondan əmələ gəlirdi ki, qazaxlar artıq 1-ci yeri təmin eləmişdi və yəqin, buna görə də belə oyun gəldi. Amma buna baxmayaraq, qələbə qələbədi və bu münasibətlə millimizi təbrik edirəm. Onu da deyim ki, Slovakiyada ikinci hissədə oyunumuz o qədər xoşuma gəlmədi. Qazaxıstanla Bakıdakı matçda isə rəqib 35-ci dəqiqədə qırmızı vərəqə alaraq azlıqda qaldı. Bundan sonra - ikinci hissədə komandamız hücum futbolu oynadı, o period xoşuma gəldi. Amma ilk hissədə "qırmızı"yadək başabaş oyun idi. Deyək ki, qazaxları həddən artıq üstələmişdik - yox, belə deyildi.  Rəqib azlıqda qalandan sonra isə bəli, üstünlük tamamilə biz tərəfdə oldu. İkinci hissədə komandamız topa tamamilə yiyələndi, demək olar bütün 45 dəqiqə rəqib qapısı ağzında keçdi və bunun nəticəsində 3:0 möhtəşəm bir qələbə qazandı. Bu münasibətlə yenə təbriklər! Həm də bilirsiniz ki, 3 oyun ardıcıl qələbə qazanmaq da yaxşı haldı, indiyədək belə şey olmamışdı.

- Uzun illər millimizə belə olub ki, son dəqiqələrdə qol buraxaraq üstünlüyü əldən vermişik. Slovakiyada isə uzatma dəqiqələrində penaltidən qol buraxandan sonra hücuma gedərək, qələbə topunu da vura bildik. Bu məqama nə dərəcədə önəm verirsiniz?

- Belə deyək də, həmin epizodda slovakiyalı müdafiəçi arxada səhv elədi, topu itirdi və əks-hücuma keçdik. Onda matçın qurtarmağına 1-1,5 dəqiqə vaxt qalmışdı. Həm də top künc zərbəsinə çıxmışdı. Həmin epizodda bəli, bizim oyunçular atıldılar qabağa və bu qısa zamanda inanmıram ki. rəqib əks-hücumda bizə qol vurardı. Buna inanmağım gəlmir, çünki həm də arxada futbolçular saxlamışdıq. Əksər hündürboylu futbolçular rəqibin cərimə meydanına getdilər və bu da nəticəsini verdi. Axırıncı dəqiqədə qol vurmaq şansımız varsa, bundan istifadə eləmək lazım idi. Bunu da edə bildilər, başla yaxşı oynayan ucaboylu futbolçularımız bundan maksimum yararlandılar. 

- Hesab etmirsiniz ki, baş məşqçi Canni de Byaiznin 5 müdafiəçidən 4 müdafiəçiyə keçməsi, meydanda hücumameylli futbolçuların çoxluğu qələbələrdə əsas rol oynadı?

- Bəli, hücumameylli futbol oynadıq, hücumçular çox idi. Qazaxlar azlıqda qaldığına görə belə oldu. Bu zaman rəqib müdafiə xəttimizə çətinlik yaratmadığına görə hücum futbolu göründü. Amma bu, o demək deyil ki, qazaxlara qarşı hücum futbolu oynacaqdıq. Bəli, rəqib 10 nəfərlə qalanda sonra komandamız hücumameylli oyun göstərdi, hər şey yaxşı alınırdı. Amma meydanda mübarizə 11-11-ə olsaydı, nə qədər üstün oyun göstərəcəkdik - bunu gərək rəqib tam heyətlə olanda biləydik. Lakin qazaxlar 10 nəfərlə qalandan sonra hücumameylli futbolçularımız çox oldu heyətdə. Onun da nəticəsi göz qabağındadı ki, 3:0 udduq. 

- Ardıcıl 3 qələbə oldu, hər halda, bu, yaxşı bir nəticədi...

- Əlbəttə ki!

- Millimizin bu nəticəsinə sevinməliyik, yoxsa..? Çox müzakirə olunur bu məsələ...

- Düzdür, 3 qələbədi, qələbə ümumiyyətlə, yaxşıdı, sevindiricidi. Amma qrupdan çıxa bilmiriksə...Misal üçün həmişə deyirdik ki, qrupun lideri olmağa favorit Slovakiyadı. Lakin bu yığma qrupda 3-cü yeri tutdu. Belə göründü ki, bəli, bu qrupdan qalib kimi çıxa bilərdik. Oyun da bunu göstərdi, rəqiblərimiz də həminkilər deyildilər. Deyim ki, hər üçü həddən artıq yaxşı yığmalardı - yox belə deyil. Yenə deyirəm ki, qələbə yaxşıdı. Amma oyun baxımından deyim sizə ki, həddindən artıq artırmışıq, əladı, superdi, - belə bir şey yoxdu. Amma qələbə yenə qələbədi, istənilən halda, sevindiricidi. 

- Ümumilikdə tsikli millimiz üçün qənaətbəxş sayırsınız?

- 6 oyuna 10 xalı normal saymaq olar. Ama əla, super nəticə olduğunu demək bir az çətin olar. Bilirsiniz necədi, məqsəd odur ki, komanda qrupdan çıxsın. Əvvəl dediyim kimi, qabaqcadan fikirləşirdik ki, bizdə favorit Slovakiyadı. Amma həm bu, həm digər rəqibləri görəndən sonra isə artıq öz-özümüzə düşünürdük ki, bu qrupda mübarizəni lider kimi başa vura bilərdik. Hər halda, hazırkı nəticəni qənaətbəxş demək olar.

- Hazırda əsas müzakirə mövsuzu baş məşqçisi məsələsidi - Canni de Byazi qalmalıdı, yoxsa yox? Buna baxışınız necədi?

- Fikrimcə, millimizdə baş məşqçi yerli mütəxəssis olmalıdı. Həmişə bunu demişəm. Sözümə diqqət yetirin, əgər yerli mütəxəssis olmayacaqsa, De Byazinin qalmağı məsləhətdi, nəinki yeni bir əcnəbi məşqçi gətirmək. Hərənin öz fikri var, hamının da fikrinə hörmətlə yanaşıram. Amma bu, şəxsi fikrimdi. 

- Fikrinizi nəylə əsaslandırardınız?

- Bunu əlaqələndirib o sözü işlədirəm, elə-belə boş-boş demirəm ki, de Byazi qalsın. Yox, belə deyil. Bilirsiniz ki, yeni məşqçi gələndə vaxt istəyəcək. Onu komandanı tanımağı var, onu tanımalıdı. Nəticədə iki-üç il də belə gedəcək. Amma de Byazi artıq millimizi, klublarımızı tanıyır. Artıq 3-cü ildir burdadı, bilir ki, kimlər var, kimlər yox. Amma yeni gələn vaxt istəyəcək buna. O, çoxlu futbolçu içindən seçim edib milli komandanı çıxaracaqsa, bəli, razı olardım ki, yenisi gəlsin. Çünki deyərdim ki, bizdə 100-150 futbolçu var, onların içindən seçim eləsin. Amma rəqəm belə deyil.

- Güclü futbol ölkələrində aydın məsələdi ki, 100-dən çox namizəd olur milliyə. Azərbaycanda isə bu rəqəm çox aşağıdı....

- Ay sağ ol!. Onda seçim artıq baş məşqçidən asılı olur - düzgün seçim edir, yaxşı milli komanda qurur. Amma bizdə o seçim yoxdu axı...

- Bizdə hardasa 30-40 nəfər arasından seçim gedir...

- Bizdə yuxarı-aşağı bəlli olan seçim var. Amma dediyiniz rəqəmlə razı deyiləm. Bizdə hardadı 30-40 nəfər seçim? Uzağı 20 nəfər arasında olur. Bunu da indiyədək de Byazi seçir. Yeni gələn məşqçi də 20 nəfər arasından seçəcək, yerli məşqçi də. Burda özümüzdən Amerika açmaq lazım deyil ki, bizdə 100 futbolçu var, başqa məşqçi gəlsin, öz seçimini eləsin, yaxşı bir milli komanda formalaşdırsın. Ona görə bunu nəzərdə tutaraq öz fikirlərimi belə bildirirəm ki, yeni əcnəbi məşqçi gəlsə, vaxt uzanacaq. Bir daha deyirəm ki, yerli məşqçinin tərəfdarıyam, bu, olmayacaqsa, başqa əcnəbini gətirməkdənsə, qoy, elə de Byazi qalsın da...İstənilən halda, bizdə futbolçu seçimi o qədər də böyük deyil. 

- Hər yeni gələn məşqçi gəlişigözəl sözlər deyir, böyük ümidlər verir, sonra isə bizə məlum olan problemləri bizə sadalayır...

- Yüz faiz! Tutaq ki, məni apar başqa ölkəyə qoy - söhbət məndən getmir, istənilən məşqçi olsun - baxıb deyəcək ki, bilirsiniz, təzəyəm, mənə vaxt lazımdı ki, buranı düzəldim. İndi bizə yeni məşqçi gəlsin, nə deyəcək? Deyəcək ki, əla, super, sizi çempion edəcəm? Əlbəttə ki, yox. Bir az oynayandan sonra baxıb deyəcək ki, bilirsiniz necədi, çempionatınız, futbolçularınız zəifdi, mənə vaxt lazımdı ki, bunları yoluna qoyum. Yəni, bu, real belədi. 

- Bəs, özünüz millidə baş məşqçi istərdiniz?

- Niyə işləmirəm ki?! Ad çəkməyim, mənə biri sual verdi ki, Yunis müəllim, mili komandaya özünüzü hazır sayırsınız? Mən da ona cavab verdim ki, 57 yaşım var, 45 ildi futboldayam, 2004-cü ildən də futbol mütəxəssisiyəm. Əlbəttə, hazır sayıram, başa düşmədim, kimdən əskiyəm ki... (gülür) O sualı verəndə açığı, əsəbiləşirəm. Niyə hazır saymıram ki? Başa düşmədim, nədi, bizdən artıqdırlar, bizdən ağıllıdırlar...Əlbəttə, hazır da sayıram, işləyə də bilərəm. 

 

 

 

MEHMAN SÜLEYMANOV