"Qəbələ" – "Neftçi" görüşünü maraqlı edən biri "Qəbələ"yə yeni baş məşqçinin təyin olunmasıdır. Komandalar turnir cədvəlində fərqli mövqelərdə qərarlaşsalar da gər oyun olacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis bu gün Misli Premyer Liqasının VI turunda keçiriləcək "Neftçi" - "Qəbələ" və "Qarabağ" – "Şəfa" matçlarından gözləntilərini bölüşüb:

"İstər-istəməz yeni məşqçi komandaya gəldikdə futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Bu baxımdan "ağ-qaralar" üçün heç də asan matç olmayacaq. "Qəbələ" "Neftçi" üçün çempionluq yarışında birbaşa rəqib olmadığı üçün flaqman bu görüşdə xal itirməməlidir. "Neftçi"nin şansları yüksək qiymətləndirilsə də, bölgə təmsilçisindən sürpriz nəticə gözləmək mümkündür. Bildiyimiz kimi, bu qarşılaşma "Neftçi"nin 1000-ci yubiley matçı olacaq. Bu, ilk növbədə statistik göstərici olsa da, komanda üçün əlavə motivasiya mənbəyinə çevrilə bilər. "Qarabağ" – "Şəfa" görüşündə də Ağdam klubunun favorit olduğu görünür. Meydan sahibləri hazırda bütün diqqətini çempionata yönəldib. Zaman keçdikcə komanda formalaşır və çalışırlar ki, bu proses xal itkisi ilə nəticələnməsin. "Şəfa" isə Premyer Liqaya yeni vəsiqə qazandığı üçün əsas məqsədi liqada qalmaqdır. Bu baxımdan hər qazanılan xal Bakı təmsilçisi üçün böyük əhəmiyyət daşıyır. "Şəfa" oyunun ilk dəqiqələrində daha istəkli görünə bilər. "Qarabağ" hesabı erkən aça bilməsə, Bakı klubundan sürpriz nəticə gözləmək olar".

Qeyd edək ki, günün ilk oyununda "Neftçi" "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma saat 17:30-da start götürəcək. Paytaxt təmsilçisi hazırda 12 xalla ikinci, bölgə klubu 4 xalla səkkizinci pillədə qərarlaşıb. Bu matç həm də "Neftçi"nin Azərbaycan çempionatları tarixindəki 1000-cü oyunu olacaq. Günün ikinci qarşılaşmasında "Qarabağ" "Şəfa" ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 19:45-də başlayacaq. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 10 xalla üçüncü, "Şəfa" 3 xalla onuncudur.