"Mingəçevir"i analiz etmişdik və oyunun ağır keçəcəyini bilirdik. Meydançanın vəziyyəti yaxşı olsa da, suvarma sistemi işləmirdi. Buna görə də, futbolçuların ayağının altı "yanırdı". Paltardəyişmə otağında isə, sanitar qovşağın üfunət iyindən dayanmaq olmurdu". Bu sözləri Sport24.az-a açıqlamasında "Gəncəbasar" baş məşqçisi Elhad Nəziri deyib.
Gənc mütəxəssis komandasının Birinci Liqanın 3-cü turunda səfərdə "Mingərçevir"ə qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb:
"Ağır səfər matçından 3 xal qazandığımız üçün oyunçularıma təşəkkür edirəm. Həmçinin azarkeşlərimizə də minnətdaram. Səfər qarşılaşması olmasına baxmayaraq, bizi dəstəkləməyə gəlmişdilər. Bildiyiniz kimi, heyətimiz gec formalaşdı. Futbolçu tapmaqda çətinlik çəkirdik. Buna baxmayaraq, gənclərdən ibarət yaxşı komanda formalaşdırmışıq. Mən hansı klubda işləmişəmsə, dəvət etdiyim futbolçulara sonuna qədər inanmışam. Ümumilikdə, böyük büdcəmiz də yoxdur. Futbolçuların özünəinamını qaytarmaq istəyirəm. Onlara göstərmək istəyirəm ki, istəsələr, daha böyük klublarda çıxış edərək yüksək məbləğlər qazana bilərlər. Əsas odur ki, oyunları ilə bunu göstərsinlər. Verdiyimiz tapşırıqları düzgün icra etsələr, inşallah, yaxşı nəticələr əldə edəcəyik".
Nəziri komandasının mövsüm üçün hədəflərindən söz açıb:
"Rəhbərliklə ilk görüşümüzdə planımız çempionluq idi. Lakin oyunçu qıtlığı ilə əlaqədar gənclərə şans vermək qərarına gəldik. Mən heç kimə çempion olacağımı söz verməmişəm və qarşıma da belə hədəf qoyulmayıb. Məşqçi kimi öz məqsədim var. Rəhbərlik sağ olsun ki, bizə belə gözəl şərait yaradıb. Bu, futbolçularımız üçün böyük stimuldur. Biz də göstərilən bu münasibətin qarşılığını qələbələrlə və qazandığımız xallarla vermək istəyirik. Əlimdən gələni edəcəyəm ki, "Gəncəbasar" adına layiq yerlərdə çıxış etsin".
Qeyd edək ki, "Mingəçevir" - "Gəncəbasar" qarşılaşması qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.