"Turan Tovuz"la yollarını ayıran ingiltərəli futbolçu Coş Cinnelli hələ də klubsuzdur. Sport24.az xəbər verir ki, 29 yaşlı hücumçu Qərb təmsilçisindən ayrıldıqdan sonra özünə yeni komanda tapa bilmir.
Əslində, burada təəccüblənəsi elə bir məqam da yoxdur. Çünki Cinnellinin "Turan Tovuz"a keçidindən əvvəlki karyerasına nəzər salanda onun ciddi zədə problemi yaşadığı açıq şəkildə görünürdü.
Forvard 2023-cü ilin sentyabrında axilles vətərindən ağır zədə almışdı. 2025-ci ilin əvvəlində sıraya qayıtsa da, cəmi 4 oyunda, ümumilikdə 45 dəqiqə meydanda qala bilib. Ardınca mart ayında yenidən zədələnib.
Yəni qarşıda kifayət qədər ciddi sual işarələri olan futbolçudan söhbət gedirdi.
Buna baxmayaraq, "Turan Tovuz" cari ilin yanvarında belə bir zədə tarixçəsi olan oyunçu ilə 1,5+1 illik müqavilə imzaladı. Nəticə isə çox şey deyir: futbolçu komandaya gözlənilən töhfəni verə bilmədi və mövsümün sonunda müqavilə qarşılıqlı razılıq əsasında ləğv edildi.
Daha maraqlısı isə bundan sonrakıdır. Əldə etdiyimiz məlumata görə, klub müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün Cinnelliyə təzminat da ödəyib. Təbii ki, imzalanmış sözləşməyə əsasən futbolçunun öz pulunu tələb etmək hüququ var. Burada mübahisə yoxdur.
Amma klubun qərarları sual doğurur.
Çünki zədə səbəbindən uzun müddət futbol oynamayan, qayıtdıqdan sonra cəmi 45 dəqiqə meydana çıxan və yenidən sıradan çıxan futbolçuya 1,5+1 illik müqavilə təklif etmək hansı məntiqə əsaslanırdı?
Daha sonra isə həmin futbolçu ilə yolları ayırmaqla kifayətlənməyib, ona təzminat ödəmək…
Bütün bunların sonunda ortaya çox sadə, amma cavabı vacib olan sual çıxır: Cinnellinin transferi ümumiyyətlə hansı məqsədə xidmət edib?
Futbolçuya sərmayə qoyulub, nəticə alınmayıb, müqaviləyə xitam verilib və üstəlik, bunun üçün klub büdcəsindən ödəniş edilib.
Belə qərarların məsuliyyəti kimdədir? Transferə kim "hə" deyib? Zədə tarixçəsi nəzərə alınıbmı? Risklər hesablanıbmı?
Qeyd edək ki, Coş Cinnelli "Turan Tovuz" forması ilə Premyer Liqada cəmi 8 matçda (204 dəqiqə) meydanda olub, qol və məhsuldar ötürmə müəllifi olmayıb.