"Turan Tovuz" növbəti transferini reallaşdırır. Komandanın baş məşqçisi Ayxan Abbasovun Sport24.az-ın Tovuza ezam olunmuş əməkdaşınına verdiyi məlumata görə, "Mançester Siti"nin formasını geyinmiş 27 yaşlı qanalı futbolçu Divayn Naahla danışıqlarda son nöqtəni qoymağa hazırlaşırlar: "O, "Mançester Siti"nin yetirməsi olub. Neçə illərdi Avropada çıxış edir. Danimarkada, İsveçdə, Belçikada, İsraildə oynayıb. Son olaraq Litvada - Kaunas "Jalgiris"ində çıxış edib və dekabrdan klubsuzdu. Ola bilər yaxın günlərdə tam razılıq olsun və Tovuza gətirək. Onu deyə bilərəm ki, danışıqlar müsbət nəticələnməyə çox yaxındı. Sərbəst futbolçudu, yarımmüdafiənin mərkəzində çıxış edir, dayaq yarımmüdafiəçisidi".
Qeyd edək ki, Divayn "Mançester Siti"nin U-21 və U-23 komandalarında çıxış edərək, həmin müddətdə Avropa klublarına icarəyə verilib. O, keçən mövsüm - 2022-ci ildə Litva çempionatında 32 matç keçirərək 2 qol vurub.
MEHMAN SÜLEYMANOV, Tovuz