"Mövsümün əvvəli bizim üçün çətin keçdi. Bəzi stadionlarda oynamaq bizə narahatlıq yaradırdı. Bu amillər olmasaydı, çempionluğumuz daha rahat təmin edərdik. Hətta bir ara ikinci pillədə idik. Yenə də ruhdan düşmədik. Qarşımıza qoyulan məqsəd çempionluq idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Asif Məmmədov deyib.

Təcrübəli futbolçu komandasının növbəti mövsümdə Premyer Liqadakı hədəfləri haqda danışıb:

"Hədəflər haqda danışmaq tezdir. Onu çempionatın gedişində biləcəyik. Legionerlərə gedib yerində baxmaq imkanı olmadığına görə, videolarla seçirik və statistikasına baxırıq. Başqa ölkədən gəlib qısa zamanda bura uyğunlaşmaq çətindir. Bu, bizim başımıza 2 il öncə gəldi. Bir xeyli oyunçunu dəyişmək sonda komandanı I Liqaya düşməsinə səbəb oldu. Yeni gələnlərin hansı vəziyyətdə olması bizim üçün çox önəmlidir".

38 yaşlı futbolçu gələcək karyerası barədə qərar vermədiyini bildirib:

"Karyeramla bağlı hələ qərar verməmişəm. Mətbuatda məşqçi kimi işləməyim yazılır. Bu suala rəhbərliklə görüşdən sonra aydınlıq gələcək. İstənilən halda ya futbolçu, ya da məşqçi kimi "Qəbələ"də qalacam. 90 dəqiqə olmasa da, komandaya kömək edəcək qədər gücüm var".

Qeyd edək ki, "Qəbələ", "Karvan" və "İmişli" növbəti mövsüm Premyer Liqada çıxış edəcək.