Bruno Fernandes qış transfer dönəmində "Mançester Yunayted"i tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

 

32 yaşlı yarımmüdafiəçi Mançester klubunun müqavilə müddətini uzatmaqla bağlı ikinci təklifini rədd edib. Onun hazırkı sözləşməsi mövsümün sonuna qədər qüvvədədir. Bu isə o deməkdir ki, yanvar ayından etibarən o, digər klublarla danışıqlar aparmaqda sərbəst olacaq.

 

İngilis klubu oyunçunu havayı itirməmək üçün bu qış portuqaliyalı ulduzu satmağı nəzərdən keçirə bilər. "Qalatasaray" vəziyyəti yaxından izləyir və təklif hazırlayır.

 

Türkiyə tərəfi daha əvvəl, yayda Fernandeslə müqavilə imzalamağa cəhd etmişdi, lakin oyunçunun özü keçidə razı olsa da, "Mançester Yunayted" onun getməsinə icazə verməmişdi.

 

Qeyd edək ki, Bruno 2020-ci ildən bəri "Mançester Yunayted"də çıxış edir. O, İngiltərə klubunda 336 oyuna çıxıb, 110 qol vurub və 107 məhsuldar ötürmə edib.