Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov sabah Andorra yığması ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə karyerasını başa vuran kapitan Emin Mahmudov haqqında danışdı, sonra isə oyun haqqında fikirlərini bölüşdü:

 

– Hər kəsi salamlayıram, axşamınız xeyir. Eminə gələcək həyatında uğurlar arzulayıram. Bayaq komanda iclasında da dedim ki, milli komandada çox futbolçu oynayıb, amma iz qoyub getmək çox çətindir. Emin milli komandamızda iz qoyub gedən futbolçulardandır. Çünki bilirsiniz ki, həm millinin çox qələbəsində Eminin rolu var. Ona görə bizim üçün çox xoşdur. Məşqçi olaraq həmişə Emini bəyənmişəm. Klub səviyyəsində bir yerdə çalışmamışdıq, amma qismət oldu, millidə çalışdıq. Burada da qalibiyyətlər oldu, məğlubiyyətlər oldu, Emin komandamızın kapitanı idi və mənim üçün də çox xoş oldu. Eminə uğurlar arzulayıram. Emin hələ tam karyerasını bitirmir. İnşahllah, öz klubunda, öz azarkeşləri qarşısında bu oyunları davam etdirəcək. Sabah Emin üçün oynacağıq. İlin son oyunudur. Stresli oyundan sonra görüşünə çıxacağıq. Andorra son illərin inkişaf edən komandalarındandır. Baş məşqçiləri səhv etmirəmsə, artıq 16 ildir komandanı çalışdırır və onların özünəməxsus dəst-xətti var. Sabah meydana rotasiyalı heyətlə çıxacağıq. Bura birlikdə gəldiyimiz hər bir futbolçuya şans vermək və gəncləri əsas komandaya qazandırmaq istəyirik. Hər zaman qeyd edirik ki, heyətimiz genişdir. Bu gün gənclərimiz oynayır, onlstın milli komandada özünü göstərməsi üçün ən uyğun vaxt məhz belə matçlardır. Həmin məsuliyyəti və yükü üzərlərinə götürməlidirlər. İlin son oyununu yaxşı nəticə ilə başa vurmaq və qələbə qazanmaq istəyirik.