"LANDAU Lions" basketbol klubunun baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının VII turunda "Gəncə" üzərində qazanılan 85:62 hesablı qələbəni şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis sıx oyun qrafikinin və Avropa turnirlərində iştirakın komandanın hazırlığına çətinlik yaratdığını bildirib.

 

"İsveçrə səfərindən sonra çox məşq etmək imkanımız olmadı. Cəmi bir fiziki hazırlıq və bir taktiki məşq keçirə bildik. Qrafikimiz kifayət qədər gərgin idi. Avropa arenasında və yerli çempionatda ardıcıl oyunlar keçirmək çətinlik yaradır. Bütün bunlara baxmayaraq, qələbə qazanmaq üçün hər kəs əlindən gələni etdi. Yaxşı müdafiə olunduq. Son üç oyunda müdafiədəki səhvlərimizi düzəltməyə nail olmuşuq. "Naxçıvan"la görüşdə hücumda istədiyimiz səviyyədə deyildik, bu gün isə hücumda da yaxşı oynadıq. Belə davam etsək, qələbələrimizin sayı artacaq", - deyə Toker bildirib.

 

Baş məşqçi komandanın hələ də heyətlə bağlı çətinliklər yaşadığını vurğulayıb.

 

"Hələ də heyət baxımından çətinlik çəkirik. Mövsümün bu mərhələsində belə problemlərlə üzləşdik. Ola bilsin ki, qarşıdakı mərhələdə rəqiblərimiz də oxşar çətinliklərlə qarşılaşsınlar. Buna görə də mövcud vəziyyətlə barışmalı və işimizi buna uyğun qurmalıyıq", - deyə mütəxəssis əlavə edib.

 

Avropa turnirlərindəki oyunların komandanın çıxışına təsiri barədə suala cavab verən Toker əsas problemin uzun səfərlər olduğunu bildirib.

 

"Oyunların özü deyil, uçuşlar təsir edir. Uzun səfərlərimiz olur, tranzit uçuşlardan istifadə edirik. Qısa müddətdə geri qayıdarkən də eyni şərtlərlə üzləşirik. Oyun yorğunluğunun üzərinə bu amillər də əlavə olunduqda, təbii ki, təsirini göstərir. Digər bir məsələ isə saat fərqidir. Məsələn, son İsveçrə səfərimizdə Bakı vaxtı ilə saat 23:30-da oynamışdıq və səhəri gün yola düşmüşdük. Azərbaycana qayıtdıqdan sonra bütün bunlar istər-istəməz öz təsirini göstərir", - deyə baş məşqçi qeyd edib.

 

Xatırladaq ki, "LANDAU Lions" "Gəncə" üzərində qələbədən sonra altı oyunda 9 xal toplayaraq Azərbaycan Basketbol Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.