Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq çempionluq qazanıb. Sport24.az xəbər verir ki, turnir boyu dörd qarşılaşmadan qalib ayrılan təmsilçimiz bu görüşlərin üçündə rəqiblərini əlavə vaxtda üstələyib.
Yarımfinalda yarışın üçüncü nömrəsi olan gürcüstanlı Saba İnaneişvilini ipponla məğlub edən Nəsibov həlledici görüşdə almaniyalı Losseni Koneyə də şans verməyib.
Bu nəticə ilə Dünya Turu seriyalı yarışlarda karyerasının üçüncü qızıl medalını qazanan cüdoçumuz həm də Kone ilə şəxsi görüşlərdə hesabda önə keçib (2:1).
Eyni çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Uşanqi Kokauri isə yarımfinalda aldığı zədə səbəbindən bürünc medal görüşünə çıxmayıb və turniri beşinci yerdə tamamlayıb.