Azərbaycan cüdoçusu Coşqun Əliyev Bakıda təşkil olunan Avropa çempionatında böyük uğura imza atıb. Sport24.az xəbər verir ki, eşitmə məhdudiyyətli idmançılar arasında keçirilən qitə birinciliyində -60 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz bütün rəqiblərini üstələyib.

 

O, həlledici final görüşündə Polşa təmsilçisi Yakub Qlenskini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala sahib çıxıb.

 

Bakı İdman Sarayında baş tutan və 12 ölkədən 80-ə yaxın idmançının qatıldığı turnir Azərbaycan Deflimpiya Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilir. Yarışlara noyabrın 12-də yekun vurulacaq.