14 yaşadək (U-14) yeniyetmələr arasında təşkil olunan cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vurulub. Sport24.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin noyabrın 8-də baş tutan son günündə 177 cüdoçu mübarizəyə qoşulub.
Həlledici mərhələdə qızlar 40, 48, 57 və 70 kq, oğlanlar isə 42, 50, 60, 73 və +73 kq çəki dərəcələrində qalib və mükafatçıları müəyyənləşdiriblər.
Ümumilikdə 72 klub və idman cəmiyyətini təmsil edən 390 cüdoçunun (336 oğlan, 54 qız) iştirak etdiyi birinciliyin əsas məqsədi müəyyən olunmuş kvotalara uyğun olaraq ölkə çempionatına vəsiqə qazanacaq idmançıları seçməkdir.