"Qarabağ" Misli Premyer Liqasında qolsuz oyunlar seriyasını üçə çatdırıb. Sport24.az xəbər verir ki, "Sabah" və "Qəbələ" ilə qolsuz heç-heçə edən Ağdam təmsilçisi XI turda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub.

 

Qurban Qurbanovun yetirmələri son 15 mövsümdə ilk dəfə ardıcıl üç oyunda qol vura bilməyib. "Qarabağ" sonuncu dəfə 2011/12 mövsümündə belə seriya ilə üzləşib.

 

Həmin vaxt komanda 2011-ci il avqustun 21-də "Kəpəz"i səfərdə 2:1 hesabı ilə məğlub etdikdən sonra sentyabrın 24-də AZAL-la görüşdə 3:1 hesablı qələbəyədək üç oyunda fərqlənə bilməyib. Bu müddətdə "Qəbələ" və "Xəzər Lənkəran"a evdə 0:1 hesabı ilə uduzan Ağdam klubu səfərdə "Sumqayıt"la qolsuz heç-heçə edib.

 

"Qarabağ"ın Azərbaycan çempionatlarında ən uzun qolsuz oyunlar seriyası dörd matçdan ibarətdir. Bu göstərici iki dəfə qeydə alınıb. Ağdam təmsilçisi növbəti görüşdə də qol vura bilməsə, antirekordunu təkrarlayacaq.

 

Qeyd edək ki, "Qarabağ" ardıcıl dörd oyundur qələbə də qazana bilmir. Komanda sonuncu dəfə 2015/16 mövsümündə belə seriya ilə üzləşib.