Misli Premyer Liqasının 34-cü turunda keçirilmiş "Kəpəz" - "Sumqayıt" matçında bir neçə futbolçu cəzalı duruma düşüb. Sport24.az xəbər verir ki, buna oyunçuların sözügedən matçda sarı və qırmızı vərəqə almaları səbəb olub.

"Kəpəz"in kapitanı Yeqor Xvalko 89-cu, qapıçı Rojerio Santos 90+5-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıblar. Hər iki oyunçu cari mövsüm dördüncü dəfə bu halla üzləşdiklərindən 35-ci turda "Qarabağ"la matçda meydana çıxmayacaqlar.

"Gənclik şəhəri" təmsilçisindən isə Alan Dias sarı vərəqə gördüyü üçün "Turan Tovuz"la növbəti turun görüşünü buraxmalı olacaq. Bundan əlavə, "Sumqayıt"da Vüqar Mustafayev və Rəşad Əzizli 89-cu dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıblar. AFFA İntizam Komitəsinin hər iki futbolçuya ən azı 2 oyunluq cəza verəcəyi gözlənilir.

Qeyd edək ki, "Kəpəz" sözügedən qarşılaşmada rəqibini 1:0 hesabı ilə məğlub edib. Görüşün sonlarında futbolçular arasında dava düşüb.