Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun 1/4 finalında Nigeriyaya uduzan Əlcəzair yığması nəticə ilə barışmayıb. Sport24.az xəbər verir ki, milli qarşılaşmada ədalətsiz qərarlara yol verildiyini əsas tutaraq Afrika Futbol Konfederasiyasına (CAF) rəsmi etirazını bildirməyə hazırlaşır.

 

Məlumata görə, Əlcəzair Futbol Federasiyası matçın baş hakimi İssa Sinini qərəzli idarəçilikdə ittiham edib. Bildirilir ki, referi Əlcəzair millisinin xeyrinə olan açıq penalti epizodunu nəzərə almayıb, həmçinin bir neçə vacib məqamda qərarlarını Nigeriya yığmasının xeyrinə verib.

 

Federasiyanın iradları bununla bitmir. Qeyd olunur ki, hakim final fitindən sonra əlcəzairli futbolçularla ünsiyyətdən qaçıb. Bu addım Əlcəzair tərəfi tərəfindən qeyri-peşəkar davranış kimi qiymətləndirilib.

 

Bundan başqa, qarşılaşmadan sonra Nigeriya millisinin bəzi üzvlərinin Əlcəzair komandasına qarşı təxribat xarakterli hərəkətlər etdiyi də vurğulanıb.

 

Xatırladaq ki, bu məğlubiyyət Əlcəzair üçün turnirin sonu olub. Nigeriya yığması isə yarımfinala vəsiqə qazanıb.