İngiltərə Kubokunun 1/32 final mərhələsində "Portsmut" "Arsenal"ı qəbul edib. Sport24.az xəbər verir ki, matç London klubunun 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

 

Matça Çempionşip təmsilçisi ildırım sürəti ilə başlayıb. Kolbi Bişop artıq ilk dəqiqədə hesabı açıb. Lakin "topçular" tez toparlanıb. 8-ci dəqiqədə Andre Dozellin avtoqolu ilə tarazlıq bərpa olunub. Bundan sonra isə səhnəyə Qabriel Martinelli çıxıb. Braziliyalı ulduz 25, 51 və 72-ci dəqiqələrdə fərqlənərək het-trik müəllifi olub və komandasına qələbə qazandırıb. Bu het-trik braziliyalı futbolçunun 2024-cü ilin yanvarından bəri ilk dəfə bir oyunda birdən çox qol vurması ilə də yadda qalıb.

 

Qeyd edək ki, "Arsenal"ın hücumçusu Noni Madueke 43-cü dəqiqədə penaltidən yararlana bilməyib, onun zərbəsi qapıdan yan keçib.

 

Xatırladaq ki, bu qələbə ilə "Arsenal" 1/16 finala vəsiqə qazanıb. Londonluların növbəti mərhələdəki rəqibi daha sonra müəyyənləşəcək.