"Liverpul" "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemi heyətinə qatmaqda qəti mövqe sərgiləyir. Sport24.az xəbər verir ki, məlumata görə, "mersisaydlılar" bu transfer üçün "kral klubu"na 180 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Məlumata görə, İngiltərə təmsilçisi artıq Madrid klubu ilə ilkin danışıqlara başlayıb. "Liverpul" rəhbərliyi futbolçunu uzun müddət üçün komandanın yarımmüdafiə xəttinin lideri kimi qiymətləndirir.
Lakin "Real"ın prezidenti Florentino Peres və klub rəsmiləri ilkin sorğunu qəti şəkildə rədd ediblər. Madridlilər Bellinqemin satışını müzakirə mövzusu etmirlər və onun yerini doldurmağın qeyri-mümkün olduğunu düşünürlər.
Qeyd edək ki, 2023-cü ilin yayında "Real"a qoşulan Bellinqem cari mövsümdə bütün turnirlərdə 22 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.