"Avqustun 1-dən məşqlərə başlamışıq. Bu bir həftə ərzində futbolçulardan nəsə istəmək, ciddi tələblər qoymaq düzgün olmaz". Sport24.az xəbər verir ki, bu sözləri "Baku Sportinq"in baş məşqçisi Samir Ələkbərov deyib.
Təcrübəli mütəxəssis komandasının hazırlıq planın dəyərləndirib:
"Hazırlığın ilkin mərhələsindəyik və əsas məqsəd futbolçuların fiziki durumunu yaxşılaşdırmaq, onları tədricən optimal vəziyyətə gətirməkdir. Yoldaşlıq görüşündə "Sumqayıt"ın əvəzedici komandasına qalib gəldik. Amma bu qələbənin bizim üçün elə də böyük əhəmiyyəti yoxdur. Əsas məsələ futbolçuların meydandakı vəziyyətini, fiziki hazırlığını və verdiyimiz tapşırıqları necə yerinə yetirdiklərini görmək idi. Oyun ərzində həm yaxşı, həm də üzərində işləməli olduğumuz məqamları müəyyənləşdirdik. Qarşıdakı məşqlərdə gördüyümüz çatışmazlıqların və buraxdığımız səhvlərin üzərində çalışacağıq. Futbolçularım verdiyim bütün tapşırıqları yerinə yetirməyə çalışdılar. Ümumilikdə onların məşqlərə və oyuna yanaşmasından razıyam. Qarşıda bizi daha çox iş gözləyir və hazırlıq prosesi davam etdikcə komandanın oyun baxımından da daha yaxşı vəziyyətə gələcəyinə inanıram".