"Hazırlığımız plan üzrə davam edir. Fiziki durumumuzu daha da yaxşılaşdırmaq üçün intensiv məşqlər keçirik. Komandada ciddi dəyişikliklər baş verib və heyətə qoşulan yeni futbolçuların adaptasiya prosesi davam edir. İnanıram ki, qısa müddətdə onlar komandaya tam uyğunlaşacaq və kollektiv olaraq daha yaxşı çıxış edəcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in kapitanı Əli Səmədov deyib.

Təcrübəli futbolçu uzun fasilədən sonra yenidən istifadəyə verilən Gəncə şəhər stadionunda meydana çıxmağın xüsusi hisslər yaşatdığını bildirib:

"Yenidən bərpa olunmuş Gəncə şəhər stadionunda meydana çıxmaq bizim üçün böyük qürur və sevinc idi. Belə müasir arenada oynamaq hər bir futbolçuya əlavə motivasiya verir. Stadionun həm görünüşü gözəldi, həm də atmosfer əladır. 

Azarkeşlərin tribunaları doldurması və bizi son dəqiqəyədək dəstəkləməsi komanda üçün böyük stimul oldu. Onların sevgisi və dəstəyi meydanda daha əzmkar mübarizə aparmağımıza kömək etdi.

Düşünürəm ki, bu stadionun yenidən istifadəyə verilməsi təkcə Gəncə futbolu üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün əlamətdar hadisədir. Belə müasir şərait futbolçuların daha rahat çıxış etməsinə, azarkeşlərin isə stadiona və futbola marağının artmasına şərait yaradır.

Ümid edirəm ki, bundan sonra burada çox maraqlı və yaddaqalan oyunlar keçiriləcək, Gəncə futbolu əvvəlki şöhrətini yenidən bərpa edəcək və azarkeşlər komandalarını daim bu stadionda böyük coşqu ilə dəstəkləyəcəklər".