“Komanda Belçikaya yaxşı əhval-ruhiyyə ilə yollanıb. Bu əhval-ruhiyyəni bizim kimi insanlar poza bilər. Necə ki, İsveç üzərində qələbədən sonra bəziləri “rəqib meydana motivayasız” çıxdığını bildirib, qələbəyə kölgə salmağa çalışdı. Daha başa düşmürlər ki, millinin hər uğuru, hər qələbəsi futbol tariximizin bir səhifəsidi. 10, 20, 50 ildən sonra da hər dəfə hansısa turnirdə İsveçlə qarşılaşanda Bakıdakı qələbə xatırlanacaq. Onda heç kimi skandinavların meydana motivasiyasız çıxdığını yada salmayacaq”. Bu sözləri Sport24.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov bildirib.

Yığmanın bu gün keçiriləcək Belçika ilə oyunundan öncə “kimyaçılar”ın baş məşqçisindən qarşılaşma ilə bağlı fikirlərini öyrənib, şansları dəyərləndirməsini istədik. Abasov yekun nəticə ilə bağlı dəqiq fikir bildirməkdən yayınsa da, komandaya inandığını söyləyib: “Bu tskildə yığmanın son oyunudu. Seçmə mərhələdə şox şeyə nail ola bilərdik? Bu artıq başqa sualdı. Belçika ilə oyunda da komandamıza uğurlar arzulayıram. Rəqib artıq final mərhələsinə vəsiqəni təmin edib. Ona görə də üzərlərində hansısa təzyiq yoxdu. Matçın hansı hesabla başa çatacağını deyə bilmərəm. Ancaq inanıram ki, futbolçularımız baxımlı oyunla bizləri sevindirəcək”.

Qeyd edək ki, Belçika – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
RƏŞAD QASIMOV