Misli Premyer Liqasında 27-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsnin ikinci oyun günündə daha 3 qarşılaşma baş tutacaq.
Günün ilk matçı Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Qarabağ"ı qonaq edir. Hazırda aktivində 55 xal olan qonaqlar turnir cədvəlinin ikinci, meydan sahibləri isə 31 xalla səkkizinci pilləsində qərarlaşıb. Qurban Qurbanovun komandası çempionluq uğrunda mübarizə aparır və "Sabah"dan uzaq düşməmək üçün bu oyundan qələbə ilə ayrılmaq məcburiyyətindədir. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv isə turnir cədvəlinin ortalarında qərar tutub. "Şirlər" bu gün 3 xalı bayram edəcəyi təqdirdə ən azı bir günlük də də olsa "Sumqayıt"ı ötə, 7-ci yerə yüksələ bilər.
Qeyd edək ki, oyunun start fiti saat 15:30-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
15:30. "Şamaxı" - "Qarabağ"
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı. Şəhər stadionu.